Silikonlu məqalə | Vüsal Məmmədovun yazısı

      Silikonlu məqalə |    Vüsal Məmmədovun yazısı
  24 Noyabr 2025    Oxunub:1274
Elementlərin Dövri Cədvəlindəki adların 90 faizi bütün dillərdə eynidir. Amma şeytan əfəl olmadığı üçün qalan 10 faizdə gizlənib. Bir neçə elementin adındakı fərqlər demək olar, dünyanın hər yerində çaşqınlıq və səhvlər yaradır. Biz də istisna deyilik. Xüsusilə 3 elementin yaratdığı dolaşıqlığa son qoymağın vaxtıdır. Bu axı elementardır, Vatson!
14-cü element

Dilimizdə onun adı Silisiumdur. Amma ingilislər bu elementə “Silicon” deyirlər. Özü də necə deyirlərsə, əks-sədasını yığıb-yığışdırmaq olmur.
Kaliforniyada, San-Fransiskonun cənubunda yüksək texnoloji şirkətlərin sıx yerləşdiyi klaster “Silicon Valley” adlanır. Çünki “yüksək texnologiya” deyəndə dərhal ağla yarımkeçiricilər, ilk növbədə çiplər gəlir. Çip (əvvəllər biz ona “mikrosxem” deyirdik) isə silisiumdan düzəldilir. Buna görə də yüksək texnoloji şirkətlərin yerləşdiyi ərazi “Silisium vadisi” adlandırılıb.

Hər şey çox sadədir, amma nəyə görəsə, bu sadəni bizim xalqa izah etmək çox mürəkkəbdir. Ruslar da əvvəllər bizim kimi naşı tərcümənin nəticəsi olan “silikonovaya dolina” terminindən istifadə edirdilər, amma artıq onlarda bu ifadəyə demək olar, rast gəlinmir. “Silicon”un öz dillərində “kremnium” adlandığının fərqinə varandan sonra ruslar elliklə “Kremnieveya dolina” termininə keçiblər. Amma biz hələ də “silikon” deyib dirəşirik.

İroniya ondadır ki, silisiumun ingiliscə adı olan “silicon” sözü bizim dilimizə arxa qapılardan başqa şəkillərdə də soxulub. Məsələn, plastik cərrahiyyədə istifadə olunan implantlar “silikon” adlanır. Tikinti və təmir işlərində tətbiq edilən hermetik yapışqana da “silikon” deyirik. Çünki onlar da silisiumun birləşmələrindən düzəldilir. Bəli, kompüterlərin bərk yeri ilə Kəmalə Günəşlinin yumşaq yerinin eyni maddədən ibarət olması inandırıcı görünməyə bilər. Amma həqiqətin heç kimə inandırıcı görünmək borcu yoxdur. Bu yerdə belə bir psevdofəlsəfi ricətə keçmək olar ki, eyni maddədən gör, kim harası ilə istifadə edir! Silisium həmin silisiumdur, amma nə baş həmin başdır, nə də göz həmin göz.

11-ci element

Dilimizdə onun adı Natriumdur. Amma ingilislər bu elementə “Sodium” deyirlər. Buradan bəzi dolaşıqlıqlar yaranır, çünki dilimizdə “soda” sözü də var. Mətbəxlərimizdəki “çay sodası” dediyimiz maddə əslində zəif qələvi olan natrium hidrokarbonatdır. Sadəcə, natriumun ingilis deyilişi ilə “soda” adlandırırıq. Onun çay ilə heç bir əlaqəsi yoxdur. Sovet dövrünün qıtlıq illərində çayın rəngini tündləşdirmək üçün bəziləri ona qida sodası qatırmışlar, ad da oradan qalıb.
Fərasətli evdar qadının bu maddənin köməyilə görə bilməyəcəyi iş yoxdur. Ondan fərqli olaraq, “kaustik soda” deyilən natrium hidroksid isə güclü qələvidir.
Çıxan çıxıb onsuz da | Vüsal Məmmədovun yazısı
Amma bizi ən çox Türkiyə dilində qazlı su ilə bağlı işlədilən “soda” sözü çaşdırır. Məntiqlə tərkibində natriumun miqdarı çox olan mineral suya “sodalı su” demək doğrudur. Fəqət türkiyəlilər mineral suya “maden suyu” deyirlər. “Soda” isə karbon dioksid vurularaq qazlaşdırılmış saf sudur. Ona dad və rəng də qatanda olur “qazoz”. Bütün bu dolaşıqlıqdan sonra adamın köks ötürərək, qısa və aydın şəkildə “Abi, lütfən, bana bir sok” deməyi gəlir.

19-cu element

Biz “Kalium” deyirik, əcəmlər isə “Potassium”. Dilimizdəki “potaş” sözü buradandır. Zeytunu konservləşdirmək istəyən evdar xanımların axtardıqları potaş əslində kalium xloriddir. Kalium gübrələrinə də çoxları “potaş” deyir.

Burada yekunlaşdırmaq olardı, amma həm ingilissayağı getməmək, həm də maraq üçün daha 1-2 əlavə edim. Civənin ingiliscə adı “Mercuri”dir. Bizim “volfram” dediyimiz metal isə “Tanqsten” adlanır. Volfram - almanca “qurd” və “qoyun” sözlərinin birləşməsindən yaranıb. Beləliklə, sizdən nə vaxtsa soruşsalar ki, qurd ilə quzu harada bir yerdə otlayır, əminliklə deyə bilərsiniz: Mendeleyev cədvəlinin 74-cü xanasında!

Vüsal Məmmədov
AzVision.az

Müəllifin digər yazıları:
Çıxan çıxıb onsuz da
Şükranlıq günündəki hindquşu


Teqlər:   Silikon   Silisium   Elementlər  



Xəbər lenti